OYU GameDev Bootcamp 2026
16,000 USD mükafat fondu, 60-dan çox iştirakçı və 48 saatlıq marafon! 1 aylıq OYU GameDev Bootcamp proqramı yekunlaşdı.
1 min read · 13 Jun 2026

Salamlar, dəyərli gamedev.az icması!
Gamedev icmamız üçün əhəmiyyətli tədbirlərdən biri olan "OYU GameDev Bootcamp 2026" uğurla yekunlaşdı. Odlar Yurdu Universitetinin ev sahibliyi ilə keçirilən və gələcəyin oyun tərtibatçılarını bir araya gətirən bu marafon həm iştirakçı sayı, həm də irimiqyaslı mükafat fondu ilə yadda qaldı.
1 Aylıq Bootcamp Mərhələsi
21-23 May tarixlərində baş tutan 3 günlük GameJam, 1 aylıq bootcamp proqramının yekun mərhələsi idi. Bu müddət ərzində iştirakçılar "Game Design, Game Art, Unreal Engine, Unity" istiqamətləri üzrə dərslər aldılar. Məqsəd iştirakçıların sənayeyə girişini asanlaşdırmaq və köməklik göstərmək idi.
GameJam Marafonu
Nəzəri biliklərin tətbiqi mərhələsi olan hakatonda iştirakçılar komandalara bölünərək 48 saatlıq intensiv yarış mərhələsinə keçid etdilər. Ümumilikdə 12 komanda və 60-dan çox iştirakçı dayanmadan çalışaraq öz ideyalarını oyuna çevirdi. Tərtibatçılar oyunlarını 3 mövzu əsasında təqdim etdilər:
1. Escape
2. Connection
3. Urban
Qaliblər və Yekun Nəticələr
Gərgin keçən 3 günün sonunda ekosistemimizin peşəkarlarından ibarət münsiflər heyətinin qərarı ilə ümumi dəyəri 16,000 ABŞ dolları təşkil edən mükafat fondunu bölüşən ən yaxşı komandalar müəyyənləşdi. Yekun sıralama isə aşağıdakı kimidir:
1. XgameBoys
2. Frame13
3. Team Neecro
4. Megamorph
5. DevOra
Komandaların ərsəyə gətirdikləri bütün prototipləri, aşağıdakı link vasitəsiylə oynaya bilərsiniz:
https://itch.io/jam/oyu-gamejam-2026/entries
IGDA Azerbaijan və Nomadman Studio-nun təşkilatçılığı, eləcə də qlobal ödəniş və ekosistem platforması olan Xsolla-nın tərəfdaşlığı ilə tədbir peşəkar səviyyədə həyata keçirildi. Proses boyunca mentor və münsiflər qismində yerli gamedev ekosistemimizin mütəxəssisləri gənclərə istiqamət verdilər.
Biz gamedev.az olaraq bütün komandaları, xüsusilə də qalibləri təbrik edirik. Sənayemizin böyüməsinə təkan verən və gənclərə real təcrübə qazandıran bu cür layihələrin davamlı olmasını diləyirik!