GameDev Bonfire Vol.6: Playtest
GameDev Bonfire Vol.6 başa çatdı. İlk dəfə “Playtest” formatının əlavə olunduğu və icmamızın yenidən bir araya gəldiyi bu tədbirin qısa icmalını sizinlə bölüşürəm.
1 min read · 29 Sept 2026

Salam, dəyərli gamedev.az icması!
Artıq ənənə halını almış GameDev Bonfire silsiləsinin 6-cı buraxılışı uğurla başa çatdı. 26 Sentyabr tarixində "Yaradıcı Mərkəz"də baş tutan bu xüsusi yığıncaq oyun tərtibatçılarını, studiyaları və sənayemizin həvəskarlarını yenidən bir dam altında birləşdirdi.
Bu dəfəki görüşümüzü əvvəlkilərdən fərqləndirən ən böyük yenilik tədbirə ilk dəfə "Playtest" hissəsinin əlavə olunması idi. Ümumilikdə 12 komanda öz üzərində çalışdıqları yeni oyun layihələrini tədbir iştirakçılarına canlı şəkildə təqdim etmək fürsəti qazandı. Tədbirə qatılan 60-dan çox iştirakçı isə bu oyunları real vaxtda sınayaraq tərtibatçılara birbaşa dəyərli feedback-lər verdi.
Playtest çərçivəsində iştirakçıların seçimlərini və ən bəyənilən layihəni müəyyən etmək üçün "HackathonHost" platforması üzərindən public səsvermə keçirildi. Maraqlı keçən səsvermənin nəticələrinə əsasən, "Azedev" komandası 20 səs toplayaraq günün ən çox səs toplayan layihəsi oldu. Komandanı icmamız adından təbrik edirik!

Tədbir boyunca iştirakçılar yeni yerli oyun layihələri ilə tanış oldular, səmimi fikir mübadiləsi apardılar və yeni komandaların, layihələrin təməlini ata biləcək əlaqələr qurdular. Əlbəttə ki, əvvəlki Bonfire-lərdə olduğu kimi bu səmimi ab-havanı yaradan amillərdən biri də çay, kofe masası ətrafındakı söhbətlər idi. Qonaqlarımız üçün bu şirin fasiləni təşkil edən tədbirimizin dəstəkçisi "San Tortino"ya xüsusi təşəkkürümüzü bildiririk.
Biz gamedev.az olaraq yerli oyun icmasını bir araya gətirməyi, yeni layihələrin tanınmasına şərait yaratmağı və tərtibatçılarla oyunçular arasında birbaşa əlaqə qurulmasını hədəfləyən bu cür görüşlərin əhəmiyyətini daim vurğulayırıq.
Bonfire-da iştirak edə bilməyənlər narahat olmasınlar, çünki icmamızın bu cür interaktiv görüşləri və layihələri sürətlə davam edəcək. Növbəti görüşlərdə və yeni "Playtest"lərdə yenidən görüşmək ümidi ilə!

