GameJamPlus 2026 Başa Çatdı
90-dan çox iştirakçının qatıldığı 48 saatlıq marafonda "Clockwork" komandası qalib gəldi və tam 19 komandamız qlobal mərhələyə vəsiqə qazandı.
2 min read · 2 Nov 2026

Salam, dəyərli gamedev.az icması!
Gamedev ekosistemimiz üçün daha bir möhtəşəm və məhsuldar ayı geridə qoyduq. Oktyabrın 16-18 tarixlərində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan “GameJamPlus 2026” beynəlxalq hakatonunun Azərbaycan mərhələsi uğurla yekunlaşdı.
"Gamepons" və "IGDA Azerbaijan"-ın birgə təşkilatçılığı ilə həyata keçirilən bu marafona göstərilən maraq həqiqətən də qürurverici idi. Qeydiyyat prosesi “HackathonHost” platforması üzərindən açıldığı andan etibarən yerlərin ilk günlərdə tamamilə dolması ölkəmizdə oyun tərtibatına olan marağın və icmamızın nə qədər sürətlə böyüdüyünün ən bariz göstəricisidir.
Hakatona 23 komandada birləşən 90-dan çox iştirakçı ilə start verildi. Tərtibatçılarımız yuxusuz keçən 48 saat ərzində onlara təqdim olunan üç maraqlı mövzudan birini – “Better Together”, “One More Time” və ya “Something’s Off” – seçərək öz ideyalarını oynanıla bilən prototiplərə çevirdilər. Gərgin, lakin bir o qədər də əyləncəli keçən bu prosesin sonunda tam 19 komanda öz oyununu təhvil verərək münsiflər qarşısına çıxmağı bacardı.
Komandaların ərsəyə gətirdiyi oyunlar sənayemizin peşəkarlarından ibarət münsiflər heyəti tərəfindən şəxsən oynanılaraq qiymətləndirildi. Heyətdə biznes mentor və ekspert Vüqar Həmidov, “85GAMES” şirkətinin CTO-su Nazim Həmidli, həmçinin “Plega Studio”nun həmtəsisçiləri, Gamejam+ 2024 global finalçıları Rüstəm Rzayev və Azad Bağırzadə yer alırdı.

Gərgin səsvermə və dəyərləndirmə nəticəsində Azərbaycan üzrə birincilik kürsüsünə “Keep Locking” oyunu ilə “Clockwork” komandası layiq görüldü! Komandanı icmamız adından ürəkdən təbrik edirik.
Lakin ən böyük və sevindirici xəbər budur ki, təqdimat edən 19 komandanın hər biri kifayət qədər potensiallı hesab edilərək “GameJamPlus” proqramının növbəti mərhələsinə vəsiqə qazandı! Bu, yerli tərtibatçılarımızın və oyun prototiplərimizin qlobal standartlara nə qədər uyğun olduğunun real sübutudur.
Xatırladaq ki, “GameJamPlus” dünyanın 35-dən çox ölkəsini əhatə edən nəhəng beynəlxalq proqramdır. Komandalarımızı qarşıda layihələrini daha da inkişaf etdirəcəkləri “Incubation”, ardınca isə “Continental Semifinals”, “Acceleration” və nəhayət “Global Final” mərhələləri gözləyir. Yəni əsl iş elə indi başlayır!
Təbii ki, bu cür irimiqyaslı layihələr güclü dəstək olmadan ərsəyə gələ bilməz. Tədbirə ev sahibliyi edən "INNOLAND"-a, həmçinin komandalarımızın 48 saat boyunca rahat işləməsi və enerjili qalması üçün dəstək göstərən, Azərbaycanın bu qlobal proqramda yer almasına töhfə verən tərəfdaşlarımız — “Gamenote Baku”, “Red Square Azerbaijan” və “Pizza Mizza”ya xüsusi təşəkkür edirik.


