Yerli Oyun Studiyası Beynəlxalq İnvestisiya Aldı
“Gamepons” olaraq məzunlarımızın beynəlxalq uğurlarını görmək bizim üçün böyük qürur mənbəyidir! 🚀🎮
4 min read · 6 Oct 2026

“Gamepons” olaraq məzunlarımızın beynəlxalq uğurlarını görmək bizim üçün böyük qürur mənbəyidir! 🚀🎮
“Gamepons Compass” oyun inkubasiya proqramının məzunu və Yaradıcı Mərkəzin rezidenti olan “DarkNight Studio” beynəlxalq səviyyədə mühüm nəticəyə imza atıb. Komanda üzərində çalışdığı “JUPITER” adlı PC oyunu ilə Özbəkistanın ilk ixtisaslaşmış oyun investisiya fondu olan “UzCA Game Fund” tərəfindən investisiya əldə edib. Bu mühüm investisiya müqaviləsi “ICT Week Uzbekistan 2026” tədbiri çərçivəsində rəsmi olaraq elan olunub.
Digital.uz və Ucell tərəfdaşlığı ilə həyata keçirilən “UzCA Game Fund” tərəfindən “JUPITER”ə yatırılan bu investisiya fondun yerli PC oyunlarına ayırdığı ilk investisiya təşəbbüslərindən biridir.
“JUPITER” layihəsinin bu investisiyaya layiq görülməsi “DarkNight Studio”nun inkişaf yolunda mühüm mərhələ olmaqla yanaşı, Azərbaycandan çıxan oyun layihələrinin Mərkəzi Asiya və regionda qazandığı diqqəti də göstərir. Komandanın öz layihəsi ilə investorların diqqətini cəlb etməsi yerli oyun studiyalarının beynəlxalq imkanlara çıxışı baxımından əhəmiyyətli göstəricidir.
“DarkNight Studio”nun bu uğuru “Gamepons Compass” məzunlarının proqramdan sonra da inkişafını davam etdirdiyini nümayiş etdirir. Kiçik bir komanda kimi başlayan və proqram çərçivəsində mentorluq alaraq layihəsini təkmilləşdirən komandanın bu gün beynəlxalq investisiya əldə etməsi bizim üçün xüsusilə qürurvericidir.
Qeyd etmək istəyirik ki, “Gamepons Compass” oyun inkubasiyası “Gamepons” və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) birgə tərəfdaşlığı ilə həyata keçirilmişdir. Proqramın əsas məqsədi yerli oyun tərtibatçılarına mentorluq etmək, onların layihələrini inkişaf etdirmək və beynəlxalq bazara çıxış imkanlarını genişləndirməkdir.
“DarkNight Studio”nun əldə etdiyi bu investisiya yerli oyun sənayesinin regionda yaratdığı marağın və Azərbaycan oyun komandalarının beynəlxalq səviyyədə yeni imkanlar əldə etdiyinin daha bir sübutudur.
Bu uğurun arxasında dayanan proses, “Gamepons Compass” təcrübəsi, “JUPITER”in gələcək planları və komandanın Azərbaycandakı digər oyun tərtibatçılarına mesajı barədə daha ətraflı məlumat almaq üçün “DarkNight Studio”nun təsisçisi Yəhya İsmayılova suallar ünvanladıq. O, suallarımızı cavablandıraraq komandanın keçdiyi yol, “Gamepons Compass” proqramından əldə etdiyi təcrübə və qarşıdakı hədəfləri barədə fikirlərini bölüşdü.
Yəhya İsmayılov: “Qarşımıza qoyduğumuz ən böyük məqsəd beynəlxalq səviyyədə rəqabət apara bilən bir oyun studiyası qurmaqdır”
1. “DarkNight Studio”nun əldə etdiyi bu uğur sizin üçün nə ifadə edir?
Bu uğur bizim üçün çox böyük motivasiyadır. “DarkNight Studio” olaraq kiçik bir komanda və məhdud resurslarla başlayaraq “JUPITER” üzərində işləyirik. Bu mərhələyə gəlib çatmaq bizim üçün sadəcə bir nəticə deyil, Azərbaycanı beynəlxalq oyun bazarında təmsil etmək üçün daha böyük addımların başlanğıcıdır.
“Biz “JUPITER”i sadəcə bir oyun kimi deyil, Azərbaycandan çıxan və dünyanın hər yerindən oyunçuların zövq ala biləcəyi bir layihə kimi görürük. Qarşımıza qoyduğumuz ən böyük məqsəd beynəlxalq səviyyədə rəqabət apara bilən bir oyun studiyası qurmaqdır.”
— Yəhya İsmayılov, “DarkNight Studio”
2. “Gamepons Compass” təcrübəsi sizin üçün necə keçdi? Proqram çərçivəsində ən faydalı olan nə idi?
“Gamepons Compass” bizim üçün çox faydalı bir təcrübə oldu. Proqram çərçivəsində həm layihəmizi təqdim etmək, həm də digər oyun komandaları, mütəxəssislər və sektor nümayəndələri ilə tanış olmaq imkanı əldə etdik.
Bizim üçün ən vacib məqamlardan biri layihəyə kənardan baxış əldə etmək idi. Aldığımız rəylər “JUPITER”in hansı istiqamətlərdə inkişaf etdirilməli olduğunu daha yaxşı anlamağımıza kömək etdi.
3. “Gamepons” və Yaradıcı Mərkəzin dəstəyini necə qiymətləndirirsiniz?
“Gamepons” və Yaradıcı Mərkəzin dəstəyi bizim kimi müstəqil və kiçik komandalar üçün çox dəyərlidir. Belə proqramlar təkcə maddi və ya təşkilati dəstək vermir, eyni zamanda komandaların bir-biri ilə əlaqə qurmasına, öz layihələrini daha geniş auditoriyaya təqdim etməsinə və Azərbaycan oyun ekosisteminin inkişafına şərait yaradır.
Biz bu dəstəyi yerli oyun sənayesinin formalaşması üçün vacib addımlardan biri kimi qiymətləndiririk.
4. “DarkNight Studio”nun qarşıdakı bir il üçün əsas hədəfi nədir?
Növbəti bir il üçün əsas hədəfimiz “JUPITER”i daha da inkişaf etdirmək, oyunun əsas sistemlərini tamamlayaraq Early Access mərhələsinə gətirmək və beynəlxalq oyunçu auditoriyasına çıxmaqdır.
Bununla yanaşı, komanda olaraq texniki və yaradıcı tərəfdən böyümək, daha güclü istehsal prosesi qurmaq və “DarkNight Studio”nu uzunmüddətli fəaliyyət göstərə bilən bir oyun studiyasına çevirmək istəyirik.
5. “JUPITER” nə vaxt oyunçular üçün əlçatan olacaq?
Hazırda “JUPITER”in inkişafı davam edir və biz oyunun keyfiyyətini mümkün qədər yüksək səviyyəyə çatdırmağa fokuslanmışıq. Dəqiq buraxılış tarixini hazırda açıqlamaq istəmirik, çünki oyunun inkişaf prosesində bəzi məqamlar dəyişə bilər.
Məqsədimiz “JUPITER”i oyunçulara hazır və keyfiyyətli şəkildə təqdim etməkdir. Layihənin inkişafı ilə bağlı yenilikləri “Steam” səhifəmiz və sosial media kanallarımız vasitəsilə paylaşacağıq.
6. Azərbaycandakı digər oyun komandalarına hansı mesajı vermək istəyirsiniz?
Ən böyük mesajımız budur: başlamaqdan qorxmayın.
Böyük komanda, böyük ofis və böyük büdcə olmadan da maraqlı layihələr yaratmaq mümkündür. Əsas məsələ davamlı işləmək, öyrənmək, səhvlərdən nəticə çıxarmaq və layihəni inkişaf etdirməkdir.
Azərbaycanın oyun sənayesinin inkişafı üçün bir-birimizi dəstəkləməli və daha çox beynəlxalq layihələr ortaya çıxarmalıyıq. İnanırıq ki, Azərbaycandan dünya səviyyəsində oyunlar çıxara bilərik və “JUPITER” də bunun nümunələrindən biri olacaq.
“Gamepons” olaraq “DarkNight Studio”nu bu mühüm nailiyyət münasibətilə təbrik edir, komandanın “JUPITER”lə qarşıdakı mərhələdə yeni uğurlar qazanmasını arzulayırıq! ✨
#gamepons #yaradıcımərkəz #darknightstudio #jupiter #gamedevaz #UzCAGameFund #ictweek2026

