Yerli Ekosistemdə ilk Publishing uğurumuz
Ölkəmizin ilk oyun nəşriyyat şirkəti "Caspianborn" fəaliyyətə necə başladı? Şirkətin gələcək planları, wishlist hədəfləri və indie tərtibatçılara məsləhətləri barədə bu məqaləmizdə tanış olacaqsınız.
4 min read · 20 Oct 2026

Salam, dəyərli gamedev.az icması!
Bu gün ekosistemimiz üçün qürurverici və sənayemizin artıq yeni bir mərhələyə qədəm qoyduğunu sübut edən çox xüsusi bir mövzu ilə qarşınızdayıq. Bildiyiniz kimi, yerli "Darts Games" studiyası "Do No Harm" oyunu ilə qlobal bazarda böyük səs-küy yaradaraq 1 milyon dollardan artıq gross gəlir əldə etmişdi. Lakin komanda bununla kifayətlənməyib ölkəmizdə ilk dəfə Publishing şirkətini – "Caspianborn Publishing"i qurdu.
Şirkət həm yerli, həm də regional aşağı büdcəli oyunlara dəstək məqsədi daşıyır. Ötən ay paylaşılan rəsmi statistikaya əsasən şirkət artıq 100,000$ ümumi gəlir səddini aşmışdı. Bəs ölkəmizdə publisher olmaq necə hissdir? Bazarın tələbləri nələrdir və yerli tərtibatçılarımız uğurlu olmaq üçün nələrə diqqət etməlidir?

Bütün bu sualları birbaşa mənbəyindən öyrənmək üçün "Darts Games" və "Caspianborn Publishing"in rəhbəri Novruz Cavadovla qısa və məhsuldar bir müsahibə həyata keçirdik. Novruz bəy, Publishing şirkəti yaratmaq fikri nə zamandan var idi və hansı anda "artıq vaxtıdır, bu yükün altından qalxa bilərik" dediniz?
Publishing yaratmaq fikri məndə 2019-dan bəri var idi. Mən həmişə ölkədə hər tərəfi əhatə edən oyun şirkətləri açmaq istəyirdim. Ancaq oyun tərtibatı mənə ən fundamental gəlirdi deyə ilk olaraq Darts Games-lə başladıq. Do No Harm-ın $1 milyon dollarlıq uğurundan sonra Publishing də yaratmağın vaxtı gəlib çatdığını düşündük.
Sentyabr ayında paylaşdığınız postda Caspianborn-un qısa müddətdə 100,000$ gəlir səddini aşdığını qeyd etmişdiniz. Bu nəticələr gözləntilərinizə nə dərəcədə uyğun gəldi?
Bu nəticə əslində gözləntimizdən daha aşağıdır. Həmin vaxtdan bəri, biz endirimlər vasitəsi ilə artıq $135 mini keçdik. Biz nəşriyyata başlayanda $370 min investisiya ilə başlamışıq. Gözləntimiz Do No Harm rəqəmlərinə kiçik vaxtda çatmaq və həmin rəqəmləri keçməkdir. Noyabrın 19-u çıxacaq Trust Your Gut oyunumuzla bu məqsədə nail olacağımızı düşünürük.
"Caspianborn" kimi kiçik və aşağı büdcəli layihələrə fokuslanan bir publisher oyun seçərkən ən çox nəyə diqqət edir? Yerli indie tərtibatçılar sizə layihə pitch edərkən ən çox hansı səhvlərə yol verirlər?
Bizə müraciət edən oyun tərtibatçıları çox vaxtı aşağı təcrübəli olurlar. Bu səbəbdən bizim ən çox fikir verdiyimiz məqam, həmin komandaların doğrudan da bizə pitch etdikləri oyunu sona çatdıra bilmə qabiliyyətinə malik olmaqlarıdır. Oyunun düzgün janrlarda olmağı da bizim üçün önəmlidir. Ən çox edilən səhvərə gəldikdə isə, tərtibatçılar öz oyunlarını dünyanın həmin janrda ən məhşur oyunları ilə müqayisə edib, bu müqayisəni öz oyunlarının satıla biləcəklərinin sübutu kimi göstərməkləridir.
Bir oyunun uğurlu çıxışı üçün buraxılışdan öncə minimum neçə Wishlist toplanmasını hədəfləyirsiniz? Caspianborn oyunun çıxışdan öncəki marketinq prosesini necə idarə edir?
Bizim üçün ən minimal wishlist sayı 10 mindir, amma biz bu rəqəmə bir uğursuzluq kimi baxırıq. Hədəfimiz çox vaxtı 30-50 min arası wishlist olur, amma dediyiniz kimi, oyundan oyuna bu çox fərqlənir. Biz tərəfdən marketinq - sosial mediada reklam, sosial şəbəkələrdə yığılan oyun fanatları ilə işləmək, və qısa və uzun video formatında oyun videoları çəkən influenserlərlə işləyərək görülür. Minimal marketinqə xərclədiyimiz büdcə də elə $10 mindir.
Bəs hər hansı bir oyun ilk həftələrdə gözlənilən satışı vermədikdə, oyunun "post-launch" ömrünü uzatmaq üçün publisher olaraq hansı taktikalardan istifadə edirsiniz?
Bizim və ya başqa nəşriyyatların bu halda edə biləcəkləri addımlar çox azdır. Əgər oyun keyfiyyəti oyunçuların xoşuna gəlmirsə, tərtibatçılardan bu oyunu qısa zamanda yetərincə yuxarı keyfiyyətə gətirməklərini gözləmək çətindir. Səhvlər asan olduqda, oyunu xilas etmək olar, səhvlər çətin olduqda bu hər bir tərtibatçı ilə individual danışıqlara gətirir. Öz tərəfimizdən biz, düzgün endirim və marketinq taktikaları ilə, oyundan mümkün olan qədər gəlir əldə etməyə çalışırıq.
Postunuzda yaxın aylarda 2 yeni oyun buraxacağınızı qeyd etmişdiniz. Onlar barədə nə deyə bilərsiniz?
Trust Your Gut türk qardaşlarımız tərəfindən düzəldilən bir horror oyunudur. Çox məşhur olan Balatro və Clover Pit-lə eyni janrdandır. Digər oyun isə hələ anons olmayıb, və ola bilər ki gələn ilə qədər təxirə salınsın, ancaq bunu deyə bilərəm ki, Azərbaycanlı tərtibatçılar tərəfindən hazırlanır.
"Darts Games"dəki Novruz Cavadovla, "Caspianborn Publishing"in rəhbəri Novruz Cavadov arasında stolun digər tərəfinə keçdikdən sonra hansı fərqlər yarandı?
Çox da böyük fərq yoxdur, sadəcə Publishing-də, bir çox oyuna eyni zamanda fokuslanmaq lazım olur, və bu avtomatik olaraq biz tərəfdən keyfiyyətə olan diqqəti azaldır. Məhz bu səbəbdən komandaları seçəndə biz daha çox diqqətlə yanaşmalıyıq.
Son olaraq, öz layihələri üçün naşir axtaran və oyun prototiplərinə inanan gənc tərtibatçılara hansı məsləhətləri verərdiniz və sizə necə müraciət edə bilərlər?
Yerli studiolar və kiçik komandaların çoxusu məni şəxsən tanıyır, və istənilən vaxt mənə şəxsidə yaza bilərlər. Daha formal bizə müraciət etməyin yolu isə bizim sayt caspianborn.com vasitəsi ilə mümkündür. Yeni başlayan studiolara isə məsləhətim oyun və janr seçimlərinə çox diqqətlə yanaşmaları və bu üç faktoru birləşdirən oyun düzəltməkləridir: a) onların şəxsi marağı olan, və çoxlu sayda məhz indie oyun oynadıqları janr seçmək. b) seçilən oyunun doğrudan da satıla bilmə potensialını başa düşmək - minimal hansı art və gameplay keyfiyyətinin lazım olduğunu c) bu minimal lazım olan keyfiyyətlərə çata biləcəklərinə əmin olduqları komanda yığmaq, və ya yığılan komandanın nəyə qadir olduğunu anlamaq.
Bu üç şərti diqqətə alsalar, bizdən də böyük oyunları rahatlıqla düzəldəcəklərinə inanıram.

Biz gamedev.az olaraq beynəlxalq səhnədə və sənayemizin inkişafında atılan bu cür irimiqyaslı addımları görməkdən yalnız qürur duyuruq. "Caspianborn Publishing"ə və onlarla əməkdaşlıq edəcək bütün tərtibatçılarımıza gələcək layihələrində uğurlar arzulayırıq!
[ Related reading ]

Yerli oyun studiyası “AzDimension” yeni oyunu “Escape: Immersion”ı təqdim edib! 🎮

Yerli Oyun Studiyası Beynəlxalq İnvestisiya Aldı

"Xsolla" "Turkic Game Jam 2026"nın Azərbaycan üzrə baş sponsorudur!