2 AYA 30 000+ MANAT QAZANDIRAN YERLİ OYUN
“Gamepons” olaraq qürur duyduğumuz daha bir uğur hekayəsini sizinlə bölüşürük!
3 min read · 30 Sept 2026

“Gamepons” olaraq qürur duyduğumuz daha bir uğur hekayəsini sizinlə bölüşürük!
“Gamepons Compass” oyun inkubasiya proqramının məzunu olan “Legions Studio” Azərbaycanın oyun sənayesində diqqətəlayiq bir nəticəyə imza atıb. Komanda öz oyununu “Steam” platformasında müstəqil şəkildə (“self publish”) yayımlayaraq cəmi 2 ay ərzində 20,000+ dollar məbləğində satış əldə edib. Hazırda üzərində işlədikləri oyunu da ilin sonunadək “Steam”də satışa çıxaracaqlar.
Komanda bununla kifayətlənməyib. “Legions Studio” həm də “Xsolla”–İRİA “Game Accelerator” proqramına qəbul olunaraq 5,000 dollar dəyərində inkişaf qrantı qazanıb.
Studiya üçün növbəti istiqamət isə artıq yalnız oyun sənayesi ilə məhdudlaşmır. “Caucasus Ventures” tərəfindən Azərbaycandan seçilmiş və qlobal şirkətlər qurmaq potensialına malik beş gənc “founder”dan biri kimi komanda yaxın zamanda ABŞ-a, “Silicon Valley”ə səfər edəcək. Burada seçilmiş “founder”lar üçün vörkşoplar, beynəlxalq təsisçilər, investorlar və texnologiya sahəsində fəaliyyət göstərən şəxslərlə görüşlər nəzərdə tutulur. Studiyanın da bu heyətin tərkibində yer alması komandanın oyun tərtibatından kənarda sahibkarlıq və beynəlxalq bazara çıxış istiqamətində də yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Qeyd etmək istəyirik ki, “Gamepons Compass” oyun inkubasiyası “Gamepons” və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) birgə tərəfdaşlığı ilə həyata keçirilmişdir. Bu proqramın əsas məqsədi yerli oyun tərtibatçılarına mentorluq etmək, onların layihələrini inkişaf etdirmək və qlobal bazara çıxışına hərtərəfli dəstək göstərməkdir. “Legions Studio” kimi gənc və istedadlı komandaların qlobal nailiyyətlər əldə etməsi məhz bu birgə fəaliyyətin və Yaradıcı Mərkəzin davamlı dəstəyinin ən bariz göstəricisidir.
“Gamepons” olaraq inkubasiya məzunlarımızın inkişafını izləmək və onların yerli oyun tərtibatından beynəlxalq bazara doğru irəlilədiyini görmək bizim üçün böyük qürur mənbəyidir. “Legions Studio”nun bu nəticələri ilə qürur duyur, komandanı qarşıdakı yeni mərhələlər münasibətilə təbrik edirik. Qarşıda onları daha böyük layihələr və yeni imkanlar gözləyir.

“Legions Studio”nun bu günə qədər keçdiyi yol və qarşıdakı planları barədə daha ətraflı məlumat almaq üçün komanda ilə qısa söhbət etdik. Studiyanın yaranması, ilk oyunlarının “Steam”də yayımlanması, “Gamepons Compass” çərçivəsində əldə etdikləri təcrübə və növbəti layihələri ilə bağlı suallarımızı cavablandıran “Legions Studio” komandası öz inkişaf yolundan danışdı:
- “Legions Studio” necə yarandı və komandanın ilk gündən əsas məqsədi nə idi?
“Legions Studio” 2023-cü ildə yaranıb, studiya olaraq fəaliyyətimizə isə 2024-cü ildə başlamışıq. İlk gündən əsas məqsədimiz qlobal oyun bazarında tanınan və sevilən bir oyun studiyası qurmaq olub. Uzunmüddətli hədəfimiz isə beynəlxalq səviyyədə tanınan layihələr hazırlamaq və gələcəkdə “The Game Awards” kimi nüfuzlu mükafatlarda “İlin Oyunu” kateqoriyasında iştirak etməkdir.
- “Steam”də yayımladığınız ilk oyunun hazırlanması və “self-publish” prosesi necə keçdi? Bu müddətdə qarşılaşdığınız əsas çətinliklər və öyrəndiyiniz ən vacib dərslər nələr oldu?
İlk oyunumuzu hazırlamaqla yanaşı, onun “Steam”də “self-publish” olunması prosesini də özümüz idarə etdik. Bu proses bizə yalnız oyun hazırlamağın deyil, hazır məhsulu beynəlxalq bazara çıxarmağın da ayrıca bir mərhələ olduğunu göstərdi. Oyunun hazırlanmasından tutmuş platformada yayımlanmasına və satışa çıxarılmasına qədər əldə etdiyimiz təcrübə növbəti layihələrimizə yanaşmamıza da təsir edib. İlk oyunumuzun “Steam”də 20,000+ dollar məbləğində satış əldə etməsi bizim üçün bu prosesin ilk konkret nəticələrindən biri oldu.
- “Gamepons Compass” oyun inkubasiyası zamanı “Gamepons” və Mədəni və Yaradıcı Sənayələrin İnkişafı Mərkəzindən (Yaradıcı Mərkəz) əldə etdiyiniz hansı bilik, mentorluq və imkanlar sonrakı inkişafınıza və “Steam”də ilk oyununuzu yayımlamağınıza konkret şəkildə kömək etdi?
“Gamepons Compass” bizim üçün studiya olaraq inkişaf etdiyimiz mühüm mərhələlərdən biri olub. Proqram çərçivəsində “Gamepons” tərəfindən göstərilən mentorluq və inkişaf dəstəyi, həmçinin Mədəni və Yaradıcı Sənayələrin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) yaratdığı imkanlar bizə layihəmizə daha sistemli yanaşmağa və studiya kimi inkişaf etməyə kömək edib. “Compass” çərçivəsində qazandığımız təcrübə sonrakı mərhələdə ilk oyunumuzu beynəlxalq platformada yayımlamaq prosesində də bizim üçün faydalı oldu.
- Hazırda üzərində işlədiyiniz və ilin sonunadək “Steam”də satışa çıxaracağınız iki oyun haqqında nə deyə bilərsiniz? Bu layihələr əvvəlki oyununuzdan nə ilə fərqlənir?
Hazırda yeni oyun üzərində işləyirik və layihəni ilin sonunadək “Steam”də satışa çıxaracağıq. Bu layihə üzərində iş davam etdiyi üçün hazırda onun haqqında geniş məlumat paylaşmırıq. Bununla belə, yeni layihələrimiz üzərində işləmək bizim üçün həm əvvəlki təcrübəmizi inkişaf etdirmək, həm də daha fərqli oyunlar hazırlamaq baxımından yeni mərhələdir.


