GAMEDEV.AZ

The national digital hub for Azerbaijan's game development ecosystem. An initiative by Nomadman Studio LLC.

ExploreStudiosGamesNewsEvents
ParticipateLearning HubJobsList your studioList your companySponsor usSupportersGame Jam platform → HackathonHost
Contact usTermsPrivacy
© 2026 GameDev.az — All rights reserved.
Powered by Nomadman Studio LLC
NewsEventsCommunityLearning HubJobsEcosystemGames
All news
News

Bizim Uşaqlar Şanxayda

Yerli developerlərimiz qlobal bazardan hansı reallıqlarla döndü?

Avaz Hasanli

3 min read · 5 Aug 2026

Salam, dəyərli gamedev.az icması!

Gamedev icmamız üçün əhəmiyyətli və qürurverici addımlardan biri olan beynəlxalq təcrübələri sizinlə bölüşmək məni daima həyəcanlandırır. "OYU GameDev Bootcamp" çərçivəsində fərqlənən 5 yerli studio və bir neçə yerli tərtibatçılarımız Xsolla-nın dəstəyi ilə bu yaxınlarda Şanxayda keçirilən "Pocket Gamer Connects" konfransında iştirak etdi. Bəs Asiya bazarında vəziyyət necədir? Nəhəng publisherlər bizim oyunlara necə reaksiya verdi? Bu məqaləmizdə tərtibatçılarımızdan Leyla, Qurban, Turab və Məhbubənin Asiya səfərindən gətirdiyi ən qaynar və eksklüziv məlumatları sizə çatdıracam.

Şanxay Atmosferi

Turabın sözləri ilə desək: "Deyirlər Asiya başqa bir dünyadır, ancaq Çin daha da başqa dünya imiş." 800-ə yaxın iştirakçının qatıldığı tədbirdə əsas diqqət Çin marketinqinə və indie studiyalara yönəlmişdi. Nümayiş olunan fərdi oyunların sayı ziyarətçilərə nisbətən az olsa da, konfrans ərazisi Tencent Games kimi sənaye nəhəngləri ilə dolu idi.

Məhbubə isə tədbirin gözləniləndən çox daha dostcanlı olduğunu xüsusi vurğulayır: "Ən böyük publisher-dan tutmuş, solo tərtibatçılara qədər kiminlə əlaqə qurmaq istədiksə, rahatlıqla danışa bildik." Bu da konfransın əslində gənc komandalarımız üçün nə qədər mükəmməl bir networking fürsəti olduğunu göstərir.

Bazar Trendləri

Sərgidə daha çox PC oyunları nümayiş olunsa da, Məhbubənin sözlərinə görə, mobil oyunlar da çoxluq təşkil edirdi. Bir çox qlobal şirkət və publisherlər məhz Çinin nəhəng mobil bazarı ilə tanış olmaq üçün oradaydılar. Hətta komandalarımızın həmsöhbət olduğu publisherlər qeyd edib ki, artıq TikTok daxilində belə mini-oyunlar oynamaq mümkün olduğundan, sənaye bu spesifik sahənin gələcəkdə kəskin şəkildə böyüyəcəyinə inanır.

Turabın "Entalto Publishing" şirkəti ilə apardığı müzakirələr isə sənaye trendlərini tam şəffaflığı ilə ortaya qoydu:

"Təsəvvür edin, biz sənayedə daha çox Co-op və ya son dövrlərin trendi olan "Friendslop" tərzində oyunların partlayış edəcəyini gözlədiyimiz halda, publisherlər hazırda əsas fokusu RPG, Simulation, Strategy və Roguelite janrlarına yönəldiblər."

İcmamızda bəzi tərtibatçıların həvəslə baxdığı VR sektoru ilə bağlı isə xəbərlər o qədər də ürəkaçan deyil. Təəssüf ki, VR bazarının zəifləməsi səbəbiylə publisherlər artıq bu sahəyə investisiya edib riskə getməkdən çəkinirlər.

Bəlkə də ən diqqətçəkən və bizim üçün vacib məqam lokal oyunların qlobal bazardakı vəziyyəti idi. Turabın dediklərinə əsasən, publisherlər bu cür lokal layihələrə o qədər də isti baxmırlar, çünki bu tip spesifik oyunlar çox kiçik bir kütləyə xitab edir və onları kütləvi şəkildə satmaq publisherlər üçün cəlbedici sayılmır.

Publisherlərin Seçim Dilemması

Məqalənin bəlkə də ən kritik və biz tərtibatçılar üçün ən faydalı hissəsi publisherlərin oyunları necə qiymətləndirməsidir. Məhbubə və Turabın fərqli publisherlərlə apardığı müzakirələr çox maraqlı bir mənzərəni ortaya çıxardı: sənayedə oyun seçimi ilə bağlı iki tam fərqli fəlsəfə toqquşur.

Bir tərəfdə data yönümlü publisherlər var. Belə ki, BXDXO GMBH kimi şirkətlər üçün ən vacib kriteriya rəqəmlərdir. Onlar oyunun nə dərəcədə əyləncəli olmasından daha çox, Wishlist sayı və analitik göstəricilərə baxıb qərar verirlər. Yəni rəqəmləriniz zəifdirsə, oyunun özü onlar üçün ikinci plana düşür.

Digər tərəfdə isə Entalto Publishing kimi publisherlər bu yanaşmanı demək olar ki, təkzib edirlər. Onların fikrincə, əgər Wishlist sayı astronomik və ya viral səviyyədə deyilsə, sıradan rəqəmlərin heç bir önəmi yoxdur. Bu cəbhə üçün ən önəmli məqam prototipin verdiyi "Fun" hissiyyatı və "Core Loop" dizaynıdır. Hətta publisherlərin bu tərəfdə çox konkret bir tələbi var: əgər onlara 20 dəqiqəlik bir prototip göndərirsinizsə, bunun 10 dəqiqəsini "tutorial" kimi oynamaq istəmirlər. Onlar birbaşa oyunun əsas mexanikasını hiss etmək və oynamaq istəyirlər.

Studiyalarımızın Növbəti Addımları

Bəs xarici studiyaların bizdən fərqi nədədir? Turabın müşahidəsinə görə, sərgidəki xarici layihələrin bir çoxu yerli tərtibatçılarımızın da rahatlıqla düzəldə biləcəyi səviyyədə idi. Əsas fərq isə onların yüksək komanda işi və nizam-intizamıdır. O cür komandalar daimi motivasiyanı kiçik fasilələr verərək və birlikdə fərqli gamejam-lərə qatılaraq qoruya bilirlər.

Networking baxımından Şanxaydan zəngin təcrübə və vizit kartları ilə dönən komandalarımız artıq növbəti addımlarını planlaşdırıblar. Məsələn, Devora studiyası hazırda Tycoon/Idle-management janrında yeni bir layihə üzərində çalışır. Onların əsas məqsədi oyunun ilkin prototipini tamamlayaraq, tədbirdə əlaqə qurduqları AppQuantum, Yolo Media, Flawless Games, AdWien kimi publisherlərlə real danışıqlara başlamaqdır.

Biz gamedev.az olaraq beynəlxalq səhnədə ölkəmizi və icmamızı təmsil edən bütün tərtibatçılarımızla qürur duyuruq! Sənayemizin böyüməsinə təkan verən və developerlərimizi birbaşa qlobal bazara çıxaran bu cür təcrübələrin davamlı olmasını diləyirik.

Bəs siz nə düşünürsünüz? Publisherlərin qlobal tələbləri ilə razısınızmı? Fikirlərinizi aşağıda şərhlərdə bölüşməyi unutmayın. Yeni xəbərlərdə və yığıncaqlarda görüşənədək!

[ More from Avaz Hasanli ]

  • GameDev Bonfire Vol.5
  • OYU GameDev Bootcamp 2026
  • Turkic Game Jam 2026

Comments (0)

Sign in to join the discussion.

No comments yet — be the first to comment.