GameDev Bonfire Vol.5
GameDev Bonfire Vol.5 başa çatdı. İcmamızın yenidən bir arada toplandığı bu tədbir haqda sizinlə qısa icmalı bölüşürəm.
1 min read · 27 Jun 2026

Salam, dəyərli gamedev.az icması!
Artıq ənənə halını almış GameDev Bonfire silsiləsinin 5-ci buraxılışı başa çatdı.
24 İyun tarixində Azərbaycan İnnovasiya Mərkəzində (AIM) baş tutan bu xüsusi yığıncaq sənayemizin hər səviyyəsindən olan mütəxəssisləri və həvəskarları yenidən bir dam altında birləşdirdi.

Tədbirə göstərilən maraq ekosistemimizin necə sürətlə böyüdüyünü bir daha sübut etdi. Belə ki müvafiq olaraq tədbirə 70-dən çox iştirakçı qatıldı, tədbir həm oyun sənayesinə yeni qədəm qoyan üzvlərə istiqamət tapmaqda kömək etdi, həm də illərini bu sahəyə vermiş peşəkarlara icmaya töhfə vermək şansı yaratdı. Çay və qəhvə masası ətrafında aparılan səmimi söhbətlər sayəsində yeni komandaların təməlləri atıldı və bəlkə də gələcəyin uğurlu studiyalarının ilk addımları məhz bu axşamda formalaşdı.

Ekosistemin inkişafına daim qatqı verən “Gamepons” komandası və sənaye nəhəngi “Xsolla”nın birgə təşkilatçılığı, eləcə də İRİA-nın rəsmi dəstəyi ilə keçirilən bu tədbir icmamız üçün yeni fürsətlər yaratdı.
Biz gamedev.az olaraq həm sənayeyə yeni qatılanları, həm də təcrübəli tərtibatçıları eyni platformada birləşdirən bu cür tədbirlərin əhəmiyyətini daim vurğulayırıq. Təşkilatçılara və qatılan hər kəsə təşəkkürlər!
Bonfire-da iştirak edə bilməyənlər isə narahat olmasınlar, çünki icmamızın görüşləri və layihələri sürətlə davam edəcək. Növbəti yığıncaqlarda görüşənədək!
