"Compass IV"ə Gedən Yol: Gameponsjam Vol. 5-in Nəticələri
Gamepons" tərəfindən təşkil edilən 48 saatlıq “Gameponsjam Vol. 5” oyun hakatonu 12 yeni oyun prototipi ilə yekunlaşdı.
Oxuma müddəti: 1 dəq · 2 noy 2026

Salam, dəyərli gamedev.az icması!
Gamedev ekosistemimizdə keçən ay bitmək bilməyən bir enerji var idi! 23-25 Oktyabr tarixlərində, ölkəmizdə bu günə qədər 15-dən çox game jam təşkil edərək sənayemizin böyüməsinə təkan verən "Gamepons" komandasının növbəti – “Gameponsjam Vol. 5” hakatonu uğurla başa çatdı.
İştirakçılar üç fərqli və düşündürücü mövzudan birini – “Switch Sides”, “Chain Reaction” və ya “Within Four Walls” mövzusunu seçərək sıfırdan öz oyun prototiplərini yaratmaq üçün yarışdılar.

Bu tədbirin ən qürurverici texniki detallarından biri bütövlükdə prosesin “HackathonHost” üzərindən idarə olunması idi. Qeydiyyatdan tutmuş komanda idarəetməsinə, layihələrin təhvil verilməsinə və münsiflərin qiymətləndirməsinə qədər hər şey sırf hakatonlar üçün yaradılmış bu yerli platformamız tərəfindən həyata keçirildi.
Təhvil verilən layihələr ekosistemimizin təcrübəli adları – Vüsal Kərimli, İlqar Əlirzayev, Fərid Haqverdiyev və Yaqub Mehdiyevdən ibarət münsiflər heyəti tərəfindən oynanılaraq qiymətləndirildi. Gərgin səsvermənin nəticələrinə əsasən, “Gameponsjam Vol. 5”in qalibləri müəyyənləşdi:
🥇 1-ci yer: “LANTERNS”
🥈 2-ci yer: “OldNos”
🥉 3-cü yer: “Enthuzone Studio”

Qalibləri gamedev.az icması adından ürəkdən təbrik edirik! Lakin uğurlar bununla bitmir: hakatonda fərqlənən və potensial vəd edən komandalar layihələrini daha da təkmilləşdirmək üçün “Gamepons Compass IV” oyun inkubasiya proqramına qəbul edildilər. Yəni oyunların post-jam dövrü və əsl inkişaf prosesi indi başlayır.
Ekosistemi böyüdən ən böyük amil birgə dəstəkdir. Hakatonun reallaşmasında böyük payı olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, “Yaradıcı Mərkəz”ə və “SUP VC”yə icmamız adından təşəkkür edirik.

Həmçinin, 2016-cı ildən bəri oyunçuların və tərtibatçıların yanında olan “GameNote”a hədiyyə partnyoru kimi, eləcə də “Red Square” komandasına dəstəklərinə görə minnətdarlığımızı bildiririk.
Yeni komandaların yaranmasına, ideyaların real oyunlara çevrilməsinə şərait yaradan bu cür tədbirlərin davamlı olmasını diləyirik. Növbəti hakatonda və yeni oyunlarda görüşənədək! 🎮

[ Oxşar məqalələr ]

Yerli oyun studiyası “AzDimension” yeni oyunu “Escape: Immersion”ı təqdim edib! 🎮

Yerli Oyun Studiyası Beynəlxalq İnvestisiya Aldı